Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə “Yaşıl məktəb” layihəsinin ikinci mərhələsinə başlayıb.
Mərkəzdən AZəRTAC-a bildiriblər ki, ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə icra olunur. ilkin mərhələdə orta məktəblərdə ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlimlər keçirilib, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetlərini hazırlayacaq işçi qruplar formalaşdırılıb.
Yeni mərhələdə isə hər regionun 10 məktəbində ekoloji divar qəzetlərinin hazırlanması, ekoloji aksiyaların və müsabiqələrin keçirilməsi planlaşdırılır. Ekoloji divar qəzetləri məktəblilərlə yanaşı, yerli əhalinin də maariflənməsinə xidmət göstərəcək. Məktəblilərin iştirakı ilə keçiriləcək ekoloji aksiyalar vasitəsilə məktəb ətrafında yaşıllaşdırma işləri aparılacaq, iməciliklər təşkil olunacaq. Layihə çərçivəsində məktəblilər arasında ekoloji rəsm müsabiqələrinin, eyni zamanda, onların ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün digər tədbirlərin təşkil olunması da nəzərdə tutulur.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində respublikamızda ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır. Biz gənclər də dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə, ekologiyamızın qorunmasına xüsusi həssaslıq nümayiş etdirməliyik. Buna görə də biz məktəb yaşlarından uşaq və yeniyetmələrimizin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xüsusi nümunə göstərmələrini təmin etmək istəyirik.